Axşamçağı – Hekayə

Axşamçağı – Hekayə

12-07-2016 00:08 / Bu xəbər 3224 dəfə oxundu

Ruzbeh Məmməd 

Mən o gün avtobusa gecikmişdim. Əslində gecikməmişdim. Metrodan çıxıb üzü «Abşeron» hotelinə doğru gedirdim. Yolüstü bir tanışımla qarşılaşdım. Məlum oldu ki, bizim gedəcəyimiz ünvan birdir, mən də gözlədim. Biz bir az gecikdik.

Avtobusa yaxınlaşanda hamı yerini tutmuşdu. Avtobusa minib boş yerlərdən birinə yaxınlaşdım. Pəncərəyə tərəf bir xanım əyləşmişdi, yanındakı yer boş idi. 
- Yanınız boşdumu, kimisə gözləmirsiniz ki? – deyə yavaşca soruşdum.

- Hə, boşdur, buyurun, əyləşin.

Keçib oturdum və əlimdəki kitabı vərəqləməyə başladım. O isə pəncərədən ətrafa baxıb susurdu. Avtobus saat 10:00-da yola düşdü. Əslində,  bir az tez çıxmalı idi.

Sonra bu sükutu o pozdu:

- Buraları heç tanımıram,  - dedi, - gözlərini axıdıb pəncərədən çölə baxdı.

Biz yenə susduq. Mən onun da yerinə susdum.

Bir az getdikdən sonra içimdə qəribə hisslər oyanmağa başladı.Təlatümlü suallar məni rahat buraxmırdı.Və birdən həyəcanlı, bir az da qorxaqcasına soruşdum:

- Adınız nədir?
- K.Ağası deyə gülərcəsinə,  - dedi.

Biz yenə susduq. Hamı danışdı bizim yerimizə. Hətta mənim əvəzimə hamı ondan suallar soruşdu. O da cavablandırdı. Ancaq mən eşitmədim.

Hava isti idi. Deyəsən, tərləmişdi. Günəşə qarşı bağladığı şərfi açdı. Off, eləyib sumkasını eşəldi. Mən də nəzərlərimi onun əllərinə yönəltmişdim. Elə bilirdim, soyuq bir şey çıxaracaq - onun təri soyuyacaq, mənim həyəcanım. Heç də belə olmadı. O göyərçin əllərini  sumkasından çəkib yatdı.

Mən də kitabı götürüb oxumağa başladım.Onsuz da yol uzun idi . Mən səbrlə oxuyurdum ki, qayıdanda da başımı aldada bilim.
İstəyirdim yatam, di, gəl yuxum gəlmirdi. İstəyirdim ki, bir dönüm əməllicə buna baxım. Həm də doyanacan, amma cəsarət etmirdim.

Yolda avtobus saxladı. Biz düşüb bir az dincəlmək üçün restoranın həyətindəki stollara yaxınlaşdıq. Bir xeyli söhbət etdik. Söhbət əsnasında onun xasiyyətini öyrənmiş oldum. Ciddi və səmimi adama bənzəsə də, tam elə olmadığına əmin idim. Fikirləri klassik təsəvvürlərdən uzaq, həm də olduqca müasir biri idi. 

Biz şəhərə çatana qədər avtobusda bir xeyli danışdıq, söhbət etdik. Düşəndə utana-utana telefon nömrəsini istədim. Və hamı eşitməsin deyə telefonumu uzatdım, alıb nömrəsin qeyd etdi. Sonra bir az qəlyanaltı etdikdən sonra bizi iki qurupa ayırdılar. Bir daha onu axşam yemək vaxtı gördüm. O vaxta qədər onun haqqında düşündüyümü, həm də çox düşündüyümü deyə bilərəm.

Axşam yeməkdən sonra oturub söhbət etməyə başladıq. Böyük bir hotelin istrahət üçün ayrılmış zalında divanda əyləşib bir xeyli ora-bura baxdıq.Hərdən baxışlarımızda toqquşurdu. Belə olan halda nə isə anlatmaq istəyirdi. Yadımdadır ki, o dostlarından daha çox ailəsi haqqında danışırdı. Anası haqda o qədər məlumat vermişdi ki, xəyalımda onun anasının portiretini yaratmışdım. 

Axı bu mənim nəyimə lazim idi ki?.. Düzü, mən əclaf adamam. Başqası danışarkən ona diqqətlə qulaq asmıram. Əgər bir adam uzun-uzadı danışırsa, fikrim ora-buranı gəzir, ara-sıra hörmətsizlik olmasın deyə yalandan "hə” deyirəm. Guya başa düşmüş kimi...

Danışdıqlarından belə çıxırdı ki, onun oğlan dostu yoxdu. Bu məni qane edəcək bir durum idi. Axı sizə dedim mən əclaf adamam. Mənim elə qeyri-adi, vasvası hərəkətlərim var ki...

Ətrafımızda çoxlu insan vardı. Bizi hamısına baxıb gülürdük. Bütün bunlara baxmayaraq onun fikirləri mənimkindən fərqliydi. Sanki odla su kimi. Axxx, bu fərqlilik olmasaydı.
Səhər saat 8-35 də mən ona zəng vurdum. Deyəsən, 3 dəfə zəng vurdum. Açmadı. Saat 9-a işləyirdi, o, aşağı düşdü. Mən ona çay süzdüm, o da yeyəcək peçenye, yağ , pendir götürüb oturdu. O yedikcə mən ona tamaşa edirdim. Biz ailə söhbətlərindən danışırdıq. Məsələn, kişi öz qadınını necə anlamalı və s. Kifayət qədər bu mövzuda bildikləri var idi.
Saat 11-00 da biz qayıtmalı idik. Yolda bir tarixi muzeyə baş çəkməli olduq. Bir-iki oğlan K.ya diqqətlə baxırdı. Şəkil çəkən oğlan gedib-gəlib şəklini çəkirdi. Əslində onun şəklini çəkmirdi. Hamını birgə çəkirdi. Məni hirsləndirmək, qısqandırmaq üçün əlindən gələn hər şeyi edirdi.  Bu məni çox narahat edirdi. Hətta qısqanclıqdan onun yanında da durmadım. Sonra baxdım ki, bircə şəkildə bir düşmüşük. 

Avtobus tərpənirdi. Hərə öz yerlərində əyləşdi. Növbəti dayanacaq  B. olacaqdı. Biz oracan yata, danışa bilərdik. Biz nə yatdıq, nə danışdıq. Yenə də bizim yerimizə hamı danışdı.
B-dən sonra aramız bir balaca isindi, deyəsən. Mən ədəbiyyatdan danışdım - Kafkadan, Eduard Levenin ”İntihar” romanından, o da sevdiyi filmlərdən... Möhtəşəm baxışları var idi. Danışdıqca gözləri parıldayırdı. Hərdən də saçlarını yığıb süd kimi ağ boynuna atırdı. Əlləri elə bil qar dənəsiydi. Nəfəsini udurdum, dünyanı əlimin içindəki kimi təsəvvür edirdim...

Biz Bakıya çatanda alatoranlıq idi. Günəş bizi təqib edirdi. Mən ayrılacağımı bilib kövrəlmişdim. O da telefonunda oxuduğu mesajdan söz açdı. Dedi ki, xalası oğlu gəlib qarşılayacaq. Mən də nigarancasına – neçə yaşı var,  -  deyə soruşdum. Sağ olsun, geniş izah etdi, amma yadımda saxlaya bilmədim... Deyəsən, evli idi, iki uşağı vardı...

Biz ayrıldıq. Mən Elmlər Akademiyasının yanında qalırdım. Evə gəldim. Çox yorğun idim, gələn kimi yatdım. Ayılanda gecənin bir aləmi idi. Gecələr mənim üçün çox hüzünlü olur həmişə. Bəzən gecələr elə darıxıram ki... Amma bu dəfə hər zamankından fərqli olaraq, nə üçün darıxdığımın səbəbini bilirdim. Hə, bilirdim...

Telefonum susmuşdu. Götürüb onun adına baxdım. İlk və son mesajımı yazdım.

"Bilirəm, heç də düz etmirəm. Mənim dediklərim uğursuz bir insanın düşüncəsindən başqa bir şey deyil. Lənət olsun hər şeyə. Hər şeyi sıfırlayıb yenidən yaşamaq istəyirəm. Mən sənə aşiq olmuşam. Elə yoluxmuşam ki, sənə... Bu xəstəlikdən qurtaracağımı da təsəvvür etmirəm. Dediklərim həqiqətdir. Səndən bir şans istəyirəm, tanrı xatirinə...

Bir daha görməyəciyimi düşünüb cavab gözləsəm də, o gün cavab gəlmədi. Axşam birtəhər yatdım. Səhər açldı. Bədənimin hər yerində bir küt ağrı var idi. Hava, deyəsən, günəşli olacaqdı. 

Əlimə telefonu götürüb gələn mesaja həyəcanla açıb baxdım. O yazırdı: "Sənə qarşı heç nə hiss etmirəm, ona görə ki biz fərqli insanlarıq. Dost olmaq istəyərdim səninlə, maraqlı adamsan, ancaq bu dediklərindən sonra mümkün deyil…”

Telefonu bir tərəfə atıb geyindim. Güzgüdə özümə baxıb duyğulandım. Gözlərimin içində hamı ölmüşdü. Bütün şəhər susmuşdu. Dayanacaqlarda insan izdihamları yox olmuşdu. Göydələnlər aşmışdı şəhərin üstünə. Hər yer toz içindəydi. Hamı məni görürdü, bəli, mənim süləngi təkliyimi hamı görürdü...