Avropa Parlamenti “Mehman Hüseynovun işi” qətnaməsini qəbul etdi

Avropa Parlamenti “Mehman Hüseynovun işi” qətnaməsini qəbul etdi

17-01-2019 16:55 / Bu xəbər 3316 dəfə oxundu

Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı vəziyyət və bloger Mehman Hüseynovun işinin müzakirə olunduğu bugünki iclasında Azərbaycan hakimiyyəti kəskin tənqidlərə məruz qoyulub.

Müxtəlif ölkə və fraksiyalardan olan iyirmiyə yaxın deputatın qiymətləndirməsi və hökuməti tənqidi kəskin olub.

Xüsusən, Azərbaycan hakimiyyətinin uzun illərdir öz öhdəliklərinə məhəl qoymaması, insan hüquqlarını və demokratiya normalarını kobud şəkildə və saymazcasına pozması diqqət mərkəzində olub.

Deputatlar avropalı siyasətçilər arasında Azərbaycan hakimiyyətindən aldıqları pul müqabilində insan hüquqlarının pozulmasına göz yuman, rəsmi Bakının müdafiəçisi olmağa çalışan, bu zaman Avropa üçün qaz mənbəyi kimi Azərbaycanın əhəmiyyəti ilə spekulyasiya edən lobbiçiləri tənqidə məruz qoyublar.

"Pedro Aqramuntu və pula satılan, Bakının korrupsioner rejimini müdafiə edən digər avropalı deputatları və məmurları məsuliyyətə çağırmaq lazımdır.”

"Azərbaycanın Avropanın tərəfdaşı olaraq qaldığı və onun qazının avropalıların Moskvadan asılı olmamasına kömək etməsi haqqında spekulyasiyalara son qoyulmalıdır.”

"Hakimiyyətin özbaşınalığına son qoyulmalı, birinci şəxsə və Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulmasında təqsirli olan bütün digər məmurlara qarşı sanksiyalar tətbiq edilməlidir.”

Deputatların bugünkü çıxışlarının əsas tezisləri belə olub. Çıxışlara Ticarət üzrə Avropa Komissarı Sesiliya Malstr yekun vurub.

O qeyd edib ki, Brüssel Azərbaycan hakimiyyəti ilə Mehman Hüseynovun işi üzrə daimi dialoq aparır, onun dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edir.

Mehman Hüseynova qarşı saxtalaşdırılmış yeni cinayət işi Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinə ziddir.

"Ona qarşı saxtalaşdırılmış yeni cinayət işi Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinə ziddir. Biz Bakı ilə daimi dialoqu davam etdirirk və bu ölkə ilə yeni saziş ətrafında danışıqlarımıza mütləq demokratiyaya, insan hüquqlarına, qanunun aliliyinə və ədalətli dövlət idarəçiliyinə dəstək bəndləri daxil ediləcək.

Bu müddəalar çərçivəsində biz Azərbaycanın vətəndaş cəmiyyəti ilə əlaqə saxlayacağıq və fevralın 5-də məsləhətləşmələrimizi Bakıda davam etdirəcəyik," o bildirib.

Avropa Komissarı həmçinin qeyd edib ki, Avropa İtiifaqınımn Bakı ofisi təkcə Mehman Hüseynovun deyil, digər siyasi məhbusların işlərini də diqqət mərkəzində saxlayır.

Müzakirələrin yekunlarına görə Avropa Parlamenti Bakını insan hüquqlarının kütləvi və kobud şəkildə pozulmasına görə tənqid edən "Azərbaycanda Mehman Hüseynovun işi” adlı 2019/2511 saylı qətnaməni 533 səslə qəbul edilib.

Öz növbəsində, rəsmi Bakı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Dövlət rəsmiləri ölkədə fundamental azadlıqların, o cümlədən mətbuat və toplaşmaq azadlığının tam təmin edildiyini bəyan edir.

Bununla yanaşı yerli hüquq müdaifəçiləri 150 insanı siyasi məhbus kimi tanıyır. Betynəlxalq təşkilatlar ölkədə on nəfər jurnalist və blogerin həbsdə olduğunu bildirir. Amnesty İnternational ondan çox insanı vicdan məhbusu elan edib.

Avropa Şurasının Parlament Assambleyası Azəbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib.

Amerikanın Sesi