Avropa Parlamenti Mehman Hüseynovla bağlı qətnamə qəbul edə bilər

Avropa Parlamenti Mehman Hüseynovla bağlı qətnamə qəbul edə bilər

15-01-2019 15:24 / Bu xəbər 1041 dəfə oxundu

Yanvarın 17-si Avropa Parlamenti təcili qaydada azərbaycanlı bloger Mehman Hüseynovun işi ilə bağlı qətnamə qəbul etməyi planlaşdırır. 

Məlumatı "Amerikanın səsi” yayıb.

Məlumatda deyilir ki, Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak həmin gün assambleyanın qıs sessiyasının plenar iclasında da Mehman Hüseynovla bağlı məsələ qaldırılacağını bildirib.

Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.

2018-ci il dekabrın 26-da ona hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə ittihamı ilə yeni cinayət işi açılıb. Bu ittiham 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeni cinayət işinin istintaqı ilə əlaqədar Mehman Hüseynov dekabrın sonlarında 14 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.

Müdafiəçiləri Mehman Hüseynovun ötən il dekabrın 26-da quru aclığa başladığını, sonradan aksiyanı qismən qida qəbul etməklə davam etdirdiyini söyləyirlər. Penitensiar Xidmət və bəzi hüquq müdafiəçiləri isə Mehman Hüseynovun aclıq aksiyasını tam dayandırdığını vurğulayır.

Mehman Hüseynova yeni cinayət işinin açılması və onun aclıq aksiyasına başlaması haqda xəbər bir sıra beynəlxalq reaksiyala səbəb olub. ABŞ senatoru Marko Rubio, ABŞ Helsinki Komissiyasının həmsədri Kris Smit, Avropa Parlamentinin deputatı Petras Austrevikius, ATƏT-in və Avropa Şurasının media azadlığı üzrə komissarları, Avropa Şurası Paplament Assambleyasının Monitorinq Komitəsinin məruzəçiləri, Fransa Xarici İşlər Nazirliyi, Böyük Britaniya parlamentinin üzvü, bəzi beynəlxalq təşkilatlar Azərbaycan hökumətini Mehman Hüseynovu həbsdən azad etməyə çağırıb.

2019-cu il yanvarın 11-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini, Fransa, Niderland, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları Bakı İstintaq Təcridxanasında Mehman Hüseynova baş çəkiblər. Onların Mehman Hüseynovun saxlanma şəraiti və səhhəti ilə tanış olduqları bildirilir.