Avropa Məhkəməsinin jurnalistlə bağlı qərarının icra edilmədiyi bildirilir

Avropa Məhkəməsinin jurnalistlə bağlı qərarının icra edilmədiyi bildirilir

14-09-2018 19:10 / Bu xəbər 724 dəfə oxundu

Azərbaycan hökumətinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) jurnalist Müşfiq Hüseynov barəsində çıxardığı qərarı icra etmədiyi deyilir.

Bu haqda "Turan” agentliyinə jurnalisti AİHM-də təmsil etmiş hüquqşunas Samirə Agayeva bildirib.

Onun sözlərinə görə, bir vaxtlar həbsdə olmuş jurnalist Müşfiq Hüseynovun şikayəti üzrə qərar bu il yanvarın 18-də elan edilib.

"Avropa Məhkəməsi öz qərarı ilə Müşfiq Hüseynovun Avropa Konvensiyasında nəzərdə tutulan bəzi hüquqlarının pozuntusunu tanıyıb. Pozulmuş hüquqların kompensasiyası üçün jurnalistə 4 min avro təzminat ödənilməlidir”, deyən hüquqşunasın sözlərinə görə, həmin qərar iyulun 18-də artıq qüvvəyə minib:

"Qərar qüvvəyə minsə də 2 aydan artıqdır ki, icra edilmir. Lazımi sənədlər, bank rekvizitləri Azərbaycanın AHİM yanındakı nümayəndəliyinə təqdim edilib. Səlahiyyətli nümayəndə Çingiz Əsgərova bununla bağlı bir necə dəfə müraciət də etmişik. Ancaq hələ də heç bir cavab ala bilməmişik”.

AİHM qərarlarının icra edilməməsi ilə bağlı bundan öncə də vəkillərin açıqlamaları olub. Ancaq dövlət təmsilçiləri bu açıqlamaları təkzib ediblər.

Bu şikayətin özünə isə, hələlik, Çingiz Əsgərov və dövlətin başqa təmsilçilərindən münasibət almaq mümkün olmayıb.

Müşfiq Hüseynov 2007-ci il iyulun 24-də Azərbaycan Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirli bilinərək həbs edilib.O həmin vaxt "Bizim yol” qəzeti ilə əməkdaşlıq edirdi. Jurnalist ittihamı qurama sayırdı.

2008-ci ilin yanvar ayında o, 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə Müşfiq Hüseynovun cəzasını 1 il azaldıb. 2009-cu ilin dekabrında prezident sərəncamı ilə o, əfv edilib.

Onun vəkilləri yerli məhkəmə qərarlarından AİHM-ə şikayət etmişdilər.

Bu il yanvarın 18-i AİHM həmin şikayəti təmin edib.

Qərara görə, Azərbaycan məhkəmələri jurnalistin işinə baxarkən onun Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) və 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) maddələrində nəzərdə tutulan hüquqlarını pozub.