AtƏt

AtƏt

12-04-2018 22:01 / Bu xəbər 4203 dəfə oxundu

Şəmşad AĞA

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun prezident seçkiləri ilə bağlı hesabatı zamanı baş verən qalmaqal ölkə gündəminin trendinə çevrilib. Demək olar ki, bütün sosial şəbəkələrdə və mediada müzakirələr məhz bu yöndə gedir. 

Hakimiyyət nümayəndələri bu hesabatın obyektiv olmadığını iddia edirlər. Müxalifət və müstəqil Vətəndaş Cəmiyyəti nümayəndələri isə hesab edirlər ki, bəyanat daha da sərt olmalı idi...

Düzdür, müşahidə missiyasının seçkiöncəsi mühitlə bağlı aralıq hesabatında təhriflər var idi. Bəlkə də, bu, hakimiyyət nümayəndələrində hansısa bir arxayınçılıq yaratmışdı. Amma sonuc bir qədər ağır oldu. O qədər ağır ki, hətta ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidə missiyasının nümayəndələrini Xarici İşlər Nazirliyinə dəvət edərək etiraz etdilər, bir az loru desək, danladılar.

Rusiyadan da etiraz gecikmədi. Azərbaycanı daim qanadı altında görmək istəyən şimal qoşumuz narahatlığını gizlətmədi. Hələ Mariya Zaxarova bu hesabatı Qərbdəki bir sıra siyasi qüvvələrin qərəzli və öncədən hazırlanmış münasibəti kimi dəyərləndirdi...

Rusiya ilə məsələ aydındır: MDB ailəsi, "böyük qardaş", hami - əski günlərin hatırası və s...  

Ən kreativ açıqlama isə yenə də YAP rəsmisi Siyavuş Novruzovdan gəldi: "Onların bəyanatını aeroporta tullamaq lazımdır ki, gedəndə özləri ilə aparsınlar”. 

Məni isə ATƏT-in hesabatından çox bu gün mətbuat konfransında yaşananlar ilgiləndirdi, çünki bu ölkədə ATƏT-in evi illər öncə yıxılmışdı, ofisi qapadılanda...  

Amma bugünkü durum avropalılar üçün o qədər vahim oldu ki, konfransı yarımçıq qoyub qaçdılar. Bəli, sadəcə, qorxdular və qaçdılar. Yenicə başlanmış və bir neçə cümlə səslənən alternativ fikirdən sonra onların üzərində cuman insanların münasibətindən qorxub vahiməyə düşdülər. 

Əslində, bu gün mətbuat konfransındakı hakimiyyət nümayəndələrinə və media təmsilçilərinə təşəkkür düşür. Onlar müxalifətin, vətəndaş cəmiyyətinin və azad mətbuatın dediklərini, lakin məhz elə avropalılar tərəfindən qulaqardı edilənləri canlı olaraq nümayiş etdirdilər. 

Avropalılar bir həqiqəti dərk etdilər; bu ölkədə alternativ fikir səsləndirmək nə qədər qorxuludur... Hətta onların özlərini də şillə-təpiyin altına diyirlədə biləcək qədər...

Bəs ATƏT hesabatını necə yaymalı idi? Bir ölkədə ki bir şəxs 4-cü dəfə seçkidə iştirak edirsə və 8 namizədin qatıldığı seçkidə 86 faiz səs götürürsə, müşahidə missiyası başqa nə arqument səsləndirə bilərdi?

Azərbaycanda 20 ildən çoxdur ki, bir ssenari üzərində qurulmuş və sujet xəttindən kənara çıxmayan tragikomediya yaşanır; saxta seçkilər, qanunsuz həbslər, korrupsiya, oğurluq, ifadə azadlığına basqı və s... 

Mənim ölkədəki dəyişkiliklərlə bağlı avropalılardan heç bir əlahiddə gözləntim yoxdur, olmayıb da. Nə qədər bədii səslənsə də, ortada yalnız bir həqiqət var: Döşgüvarların hakim olduğu ölkələrdə "Ağ atlı oğlanlar" yalnız nağıllarda olur...

Azərbaycana münasibətdə isə mənzərə aydındır: hakimiyyət 25 ildir ki, Atın qabağına Ət qoyur... 

Buna ATƏT də şahidlik edir, bütün dünya da...