“Aşıq Ədalətin söyməyə haqqı var” - İradə İsak

“Aşıq Ədalətin söyməyə haqqı var”   - İradə İsak

12-04-2015 02:52 / Bu xəbər 3292 dəfə oxundu

ATV-nin “Səbəbkar” verilişinin aparıcısı İradə İsak verilişin növbəti buraxılışında Aşıq Ədalətin rəqqasə Aytənin ünvanına nalayiq ifadələr işlətməsinə münasibət bildirib. 

Lent.az-a açıqlama verən aparıcı deyib ki, verilişin anonsunun rekord həddə izlənilməsi bu gün ustad danlağına böyük ehtiyac olduğunu göstərib: “Televiziyada çalışan hər kəs bilir ki, montaj prosesi var və bu zaman biz efir estetikasını nəzərə alacağıq. 

ATV-nin efirində qeyri-etik kəlmələrin səslənməsi yolverilməzdir. Bu sadəcə verilişin “Youtube”də  yayılmış kiçik anonsu idi. Bəzi rəylərdə və başlıqlarda bu hal Aşıq Ədalət tərəfindən tərbiyəsizlik kimi qəbul olunur. 

Mən müəllif kimi bu fikirlərlə razı deyiləm. Düşünürəm ki, qədim aşıq sənətinə və müqəddəs saza barmaqarası münasibət yolverilməzdir. Aşıq Ədalət yox, oriental rəqs quruluşu qınanmalıdır. Aşıq sənətinin yiyəsi hesab etdiyim Dədə Ədalətin bu reaksiyası həmin an təbii və başa düşülən idi. Çünki ilk dəfə idi bu kadrları görürdü, emosiyalarını cilovlaya bilmədi. Məncə, Aşıq Ədalət kimi canlı korifeyin sənəti, sazı ucuz tutanları danlamağa və hətta söyməyə haqqı var. Ustadların bir neçə dərsi olur, düşünürəm, ən təsirlisi budur. 

Naəlac qalanda söyüşü də tərbiyə metodu kimi istifadə etmək olar ki, bu sərsəm gediş dayansın. Bəzilərinə təsir etsin. Bilsinlər ki, cəmiyyətin kəskin qınağı olacaq və müqəddəs bildiklərimizlə necə gəldi rəftar etmək olmaz. Biz bunu verilişdə geniş müzakirə etmişik, digər ustad aşıqların da cəsarətli fikirləri səslənib. Məsələni konteksdən çıxarmadan bütöv verilişi bu bazar saat 13:30-da ATV-nin efirində izləməyi tamaşaçılara məsləhət görərdim”.

Arqument.Az