ADR üzvünün evindən zorla çıxarılaraq həbs edildiyi bildirilir

ADR üzvünün evindən zorla çıxarılaraq həbs edildiyi bildirilir

05-12-2018 17:21 / Bu xəbər 232 dəfə oxundu

"Hüseyn Məlikə 25 sutkalıq həbs cəzası verilib''

Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) İdarə Heyətinin üzvü Hüseyn Məlik dekabrın 4-də axşamçağı həbs edilib.

ADR sədrinin müavini Ellada Məmmədli Meydan TV-yə deyib ki, Hüseyn Məliki gecə saat 3-də mülki geyimlilər evindən zorla aparıblar:

"Hüseyn Məlikin yaşadığı evin qapısı dəmirdəndir, qapını sındırıb və əllərini bağlayaraq aparıblar. Həmin vaxt Hüseyn bəy evdə tək imiş. Səhər qonşuları qapını açıq görüblər, sonra dostlarına xəbər veriblər”.

Ellada Məmmədli Səbail Rayon Məhkəməsinin Hüseyn Məlik haqda 25 sutka inzibati həbs qərarı çıxartdığını bildirsə də, hansı maddə ilə ittiham olunduğundan xəbərsizdir.

ADR Hərəkatı baş verən hadisəni Hüseyn Məlikin həm ictimai həyatda, həm də sosial şəbəkələrdəki siyasi fəallığı ilə əlaqələndirir, bunu insan oğurluğu və fərdi azadlıqların pozulması kimi dəyərləndirir.

Bu barədə hərəkatın yaydığı bəyanatda qeyd olunur.

ADR xatırladıb ki, Hüseyn Məlikin "Facebook" səhifəsindəki statuslarının çoxunun silinməsi təsadüfi deyil:

"Bu da məhkəmənin Hüseyn bəyə hansı ittiham irəli sürməsindən asılı olmayaraq onun ictimai-siyasi fəaliyyətinə, fikir azadlığına yönəlik hərəkətlərinə görə cəzalandırıldığını aydın şəkildə sübut edir. Odur ki, ADR Hərəkatı son dövrlər siyasi fəallara, açıq fikirli insanlara qarşı hakimiyyətin apardığı repressiv siyasəti pisləyir və Hüseyn Məlik də daxil olmaqla bütün siyasi məhbusların tezliklə azad olunmasını tələb edir".

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Meydan TV-yə belə bir adam tanımadığını deyib: "DİN-in 102 xidmətinə zəng etsinlər, adamın harada olduğu araşdırılsın”.