Adamı belə tək qoymazlar!

Adamı belə tək qoymazlar!

26-05-2016 01:23 / Bu xəbər 2765 dəfə oxundu

Bizi bir-birimizə şeirdən çox ağrılarımız bağlayırdı. Şeir – sadəcə ağrılarımızı canımızdan çıxarmaq üçün lazım idi sənə də, mənə də. Allah da bu işdə səxavətini, mərhəmətini əsirgəməmişdi bizdən, yəni dağına baxıb qarını yağdırmışdı, dərd verəndə dərmanını da əta eləmişdi bizə öncədən...
 
Bu gün dəfninin üçüncü günü də bitdi. Kim bilir bəlkə də rəhmətlik atanın –  Həbib Səfərovun bir şeirində olduğu kimi çadırda da bir stəkan çay içib "bu da belə getdi” deyənlər də oldu”, bilmirəm...
 
Bildiyim bir odur ki, sağımda oturan kiçik oğlun Fatehin yerə dikilən gözləri səndən başqa heç kimi görmək istəmirdi bu dünyada.
 
Bildiyim odur ki, böyük qardaşının sual işarəsinə dönmüş qəddinə uzun müddət bir nida işarəsi tapılmayacaq...
 
Hələ ananı demirəm...
 
Hələ özümü demirəm...
 
Yolunu gözləyən "Qar Qıza” nə deyəcəyəm?
 
Öldüyünü eşitsə gözümü çıxaracaq kölgəsində oturub çay içdiyimiz söyüd.
 
Havalanacaq Xan Evinin qarşısındakı çayxananın həyətində dəmirağaclar...
 
Heç bilirsən indi gözlərimin önündə hansı gün canlanır daha çox? "Məşəl” jurnalında ilk şerlərim çıxan gün. O şeirlərdən sonra məni doğman kimi bağrına necə basdığın yadındamı?
 
İndən belə uğurlarıma kim sevinəcək, kim bağrına basacaq bu küçə uşağını, kim ağlayacaq bu qavroşu, kim?! 
 
Sənə paxıllığım tutur, paxıllığım.
 
Səni bağrına basan torpaq var, torpaq.
 
Mənsə iliklərimə kimi buz bağlamışam.
 
Sən məni ağlada bildin, dostum.
 
Adamı belə tək qoymazlar, belə tək qoymazlar, Anar!
 
Hepatit
 
Düyməsi düşmüş köynəkdi,
Şüşəsi çatlamış eynəkdi Söz...
 
Kölgəsini axtarır
küçələrə düşən ağaclar,
ayaqlarını axtarır
ovuclarını
özündən gizlədən aclar...
 
Səndən sonra
əyni səliqəlidir ölümün...
üzü gülür daşların...
Məndən
Əli Kərimə salam de, Anar!
 
De ki,
hələ də
eyni xəstəlikdən,
eyni dərddən ölür burda
şairlər.
 
De ki,
hələ də
köynəyinə düymə,
eynəyinə şüşə axtarır Söz...
 
Lütfən,
Mən gəlincə,
kimsəyə oxumayın
təzə şeirlərinizi...
 
 
24.05.2016
 kulis.az