Acınohurda əkinçilik: Burada yaşayan heyvanların məhvinə səbəb olacaq

Acınohurda əkinçilik: Burada yaşayan heyvanların məhvinə səbəb olacaq

24-08-2018 14:39 / Bu xəbər 424 dəfə oxundu

''Dövlətin keçirdiyi layihənin biri heyvanların nəslini artırır, digəri kəsmək istəyir''

"Sovet dövründə edilən səhvi yenidən təkrarlayırlar. Acınohur çölünü əkin sahəsinə çevirirlər. Onların adi baxdığı iş azı 71 ceyranın ölümünə səbəb olacaq”.

Ekoaktivist Cavid Qara belə deyir.

"Hökumət Sovet dövründəki səhvi təkrarlayır"

Söhbət 2003-cü ildə yaradılan Qax Dövlət Təbiət Yasaqlığında yaşayan heyvanların taleyindən gedir. C. Qara deyir ki, burada təkcə, ceyran yox, müxtəlif növ quşlar, sürünənlər, ayı, vaşaq, çöl pişiyi, qara kərkəs, sar, imperator qartalı, bəzgək də yaşayır. Atılan bu addım onların hamısının sonunu gətirəcək:

"Həmin ərazi 60-cı illərin əvvəllərində də əkilib. Bu, 3-4 il çəkib. Sonra dayandırıblar. Ancaq buranın əkilməsi, istifadə edilən dərman, gübrə, müxtəlif növ pestisitlər ərazidə yaşayan ceyranların kütləvi şəkildə ölməsinə səbəb oldu. 2010-cu ildən başlayaraq dövlət ceyranların reintroduksiyası layihəsinə başladı. Ceyranları yenidən tarixi torpaqlarına qaytardılar. Nəticədə, Şirvan Milli Parkında yaşayan ceyranların bir qismini bu əraziyə buraxdılar”.

Fotolar Ecofronta aiddir

C. Qara deyir ki, əraziyə gətirilən 48 ceyrandan çoxu uyğunlaşmayıb, tələf olub. Ancaq son illər ceyranlar artmağa başlayıb:

"Sonuncu sayımda 71 ceyran qeydə alınıb. İndi bəlkə də 100-ü ötüb. Ancaq hökumət Sovet dövründəki səhvi təkrarlamaq qərarına gəlib. Bu dəfə nəinki ceyranlar, burada yaşayan digər heyvanların da məhvinə səbəb olacaqlar”.

Əkin sahəsi ediləcəkdisə, niyə vəsait xərcləyib layihə edirdilər?

Cavid Qara deyir ki, onsuz da Acınohur çölü yarımsəhra zonasıdır. Burada heç bir əkin-biçin uğurlu olmayacaq. Ancaq ərazinin 7500 hektarı bu il taxıl əkini üçün ayrılıb:

Fotolar Ecofronta aiddir

"Üstəlik, əgər bu ərazidə əkin-biçin edəcəkdilərsə, dövlət niyə büdcədən vəsait ayırıb, ceyranların reintroduksiyası layihəsini həyata keçirirdi? Özü də bu layihələrin açılışını Birinci vitse prezident Mehriban Əliyeva şəxsən edib. Hər şeyi qoyaq kənara, atılan bu addım gələcəkdə həmin ərazilərdə şoranlaşmaya səbəb olacaq. Həm layihəni, çəkilən əziyyəti, xərci, zəhməti batırır, həm də ərazini məhv edirlər. Maraqlıdır, hər ikisi dövlət layihəsidir. Biri heyvanların nəslini artırır, digəri isə kəsmək istəyir”.

"Yerdə qalan hissələr ceyranların otlaması üçün əlverişsizdir"

C. Qara deyir ki, Acınohur çölünün əkinə verilməsi çox sərfəsiz plandır. Dövlət büdcəsi ikiqat zərər görəcək. Çünki həm ceyranlara görə keçirilən layihəyə ayrılan vəsait batacaq, həm də orada taxıl əkmək kifayət qədər çox vəsait tələb edəcək:

Fotolar Ecofronta aiddir

"Üstəlik, gələcəkdə ərazinin şoranlaşmasına səbəb olacaq. Acınohurun ümumi ərazisi 14000 hektardır. Onun 7500-nü əkinə veriblər. Yerdə qalan hissələr ceyranların otlaması üçün əlverişsizdir. Üstəlik, dərman və gübrələr onların zəhərlənməsinə səbəb olacaq. Lap bütün bunları, ekoloji tərəfləri düşünməyək, texniki baxımdan orada əkin əkmək üçün drenaj, suvarma sistemləri mükəmməl qurulmalıdır. Kifayət qədər vəsait sərf edib, həmin lazımlı işləri təmin etdikdən sonra da orada taxıl əkmək sərfəli olmayacaq”.

"Bu, iqtisadi layihə deyil"

C. Qara deyir ki, sərfəli olmayacaq, çünki taxıl ən gəlirsiz sahə sayılır. Azərbaycanda ən məhsuldar yerlərdə belə taxılın məhsuldarlığı dünya standartlarından qat-qat aşağı olur:

"O ki qaldı belə bir yerdə əkələr. Buradan bir daha görünür ki, bu, iqtisadi layihə deyil. Dövlət dotasiya ayırıb deyə bəziləri oranı əkib, həmin vəsaitlərə sahiblənmək istəyirlər. Başqa bir səbəb görmürəm”.

"Ceyranların reintroduksiyası layihəsini məhv etmə əmri verilib"

C. Qara deyir ki, nəinki həmin ərazini məhv etmək, əksinə, oranın təbii mühafizə statusunu artırmaq lazımdır. Oranı İlisu Dövlət Qoruğuna birləşdirə və ya xüsusi qoruq edə bilərlər:

"Biz onlardan bu addımı gözlədiyimiz halda, onlar əldə olanı məhv etməyə çalışırlar. Bu, son illər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ortaya çıxardığı tək-tük layihələr arasında ən uğurlusu idi. Ancaq indi ceyranların reintroduksiyası layihəsini məhv etmə əmri verilib. Burada ETSN-in acizanə susqunluğunu anlamaq olmur.

Fotolar Ecofronta aiddir

Ölkə prezidentinin və birinci ailənin dəfələrlə iştirak etdiyi ceyranların reintroduksiyası layihəsi düşünülməmiş bir layihə ilə məhvə sürüklənir. Deməli, hər şey sadəcə görüntü üçün imiş”.

"Əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək üçün 8500 hektar ərazi əkiləcək"

Bugünədək həmin ərazilərdən örüş sahəsi kimi istifadə edən rayon sakinlərinə Qax Rayon İcra Hakimiyyətindən məktub gəlib. Həmin məktub icra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elbrus Tağıyev tərəfindən imzalanıb. Məktubda bildirilir ki, ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, idxaldan asılılığın aradan qaldırılması üçün dövlət fonduna aid, kənd təsərrüfatına yararlı torpaq sahələrinin səmərəli istifadəsini planlaşdırırlar:

Fotolar Ecofronta aiddir

"Qarşıya qoyulmuş vəzifələrin icrası üçün "Aqroinkişaf – 2017” MMC-yə Sarıca ərazisindən 1000, Acınohur ərazisindən isə 7500 hektar (8500 hektar), "CPC MMC”yə isə Sarıca ərazisindən 1100 hektar həcmində torpaq sahəsi ayrılıb”.

Məktubun sonunda vətəndaşlara örüş sahələrində taxıl əkildiyindən, onlara başqa yerdən ərazi ayıracaqları da bildirilir.

Ərazini əkən şirkətlər kimindir?

Vergilər Nazirliyinin reystrində "Aqroinkişaf 2017” MMC-nin sadəcə ad və VÖEN nömrəsi qeyd olunub. VÖEN nömrəsi ilə axtarış edəndə heç bir məlumat tapmaq mümkün deyil.

"Turan” İnformasiya Agentliyi yazır ki, şirkət 2017-ci ildə yaradılıb və kənd təssərrüfatı işləri sahəsində təcrübəsizdir. Şirkətə Ruslan Sadıxov rəhbərlik edir. O, "Bakı Ağ Şəhər” Layihəsinin idarəedicisidir.

"CPC” MMC-nin isə Oğuz rayonu ərazisində qarğıdalı emalı zavodu var. Onun törəmə şirkəti qarğıdalı əkini ilə məşğuldur. Bu şirkət "PMD Group” MMC-yə daxildir. "PMD Group” şirkətlər qrupunun təsisçisi isə "Paşa Holdinq”dir. Holdinqin sahibləri Leyla və Arzu Əliyevalardır.

"Açıqlama vermək səlahiyyətimiz yoxdur"

Meydan TV məsələyə münasibət öyrənmək üçün Qax Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətinin məsləhətçisi layihədən xəbərdar olduğunu, ancaq bu barədə açıqlama vermək səlahiyyətlərinin olmadığını söyləyib.

Acınohur ərazisində şumlama işlərinin aprıldığını İlisu Dövlət Təbiət Qoruğunun mühafizə işləri üzrə direktor müavini Azərçin Muradov "BBC Azərbaycanca”ya təsdiqləyib.

Fotolar Ecofronta aiddir

"Şumlama işləri 3-4 gün olar başlayıb və traktorların üzərində heç bir işarə, simvol yoxdur. Ancaq deyirlər ki, traktorlar "Aqroinkişaf 2017” şirkətinə məxsusdur. 4 ədəd K700 markalı traktor əkin aparır. 300-400 hektara yaxın ərazini artıq əkiblər və hələ də davam etdirilər”, - Azərçin Muradov belə deyib.

A.Muradovun sözlərinə görə, "şumlanan ərazilər yasaqlığa aiddir və qış otlaq sahələri kimi istifadə olunub. Heç vaxt əkilməyib. Acınohur ərazisindəki şumlama işləri ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib”.

Meydan TV problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərsə də, cavab ala bilməyib.

"Uzaqlara çəkilmiş heyvanları reintroduksiya edə bilərlər"

Cavid Qara isə deyir ki, Qax Dövlət Yasaqlığı Acınohur gölü və ətraf Axar Baxar alçaqdağlığı ilə birlikdə çox zəngin və özünəməxsus ekosistemə sahibdir. Azərbaycanda ən mükəmməl vaşaq populyasiyası məhz bu ərazidədir:

Fotolar Ecofronta aiddir

"Burada nadir və nəsli kəsilmə təklükəsində olan növlərdən qamışlıq pişiyi, çöl pişiyi, meşə pişiyi, safsar, imperator qartalı, qara kərkəz, misir leşyeyəni, eləcə də şahinlərin nadir növləri məskunlaşıb. Bəzgəklərin isə kütləvi qışlama yeridir. Hətta ilk dəfə eşidəndə çox təəccübləndiyim 40-a yaxın fərddən ibarət olan ayı populyasiyası da var. Çaqqal, tülkü, canavar da öz yerində”.

C. Qara bildirir ki, düzdür, Mingəçevir su anbarı tikildikdən sonra ərazinin ekosistemi kəskin dəyişib. Ancaq hələ də zənginliyi ilə və genişlənmə potensialı ilə Azərbaycanın Serengetisidir:

"Yaxın keçmişə qədər ərazidə zolaqlı kaftarlar, bəbirlər, hətta pələnglər yaşayıb. Amma bu heyvanlar bir bir buralardan yoxa çıxıb. Gələcəkdə bu ərazini Türyançay qoruğu və Gürcüstanın Vaşlavani Milli Parkı ilə birləşdirib, cənub şərqdə Şirvan MP və Qızılağac qoruqlarına, qərbdə isə Ceyrançölə qədər uzatmaq olar. Bununla da nəsli kəsilmiş və uzaqlara çəkilmiş heyvanları reintroduksiya edə bilərlər. Ancaq görünən odur ki, əksini edir, atdıqları addımlarla heyvanları qaçırırlar”.