9 noyabr Dövlət Bayrağı günüdür

9 noyabr Dövlət Bayrağı günüdür

09-11-2018 16:09 / Bu xəbər 184 dəfə oxundu

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı günüdür.

2009-cu il noyabrın 17-də prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. 

Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı günü kimi rəsmiləşdirib.

Bu üçrəngli bayraq (mavi rəng türkçülüyü, qırmızı müasirliyi, yaşıl isə islamı tərənnüm edir) ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və Rusiyanın 1920-ci il aprel işğalına kimi dövlət statusuna malik olub.

1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktı qəbul edilib. Bununla Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini bərpa edib. 

2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Qanunun qəbulu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.

Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, Dövlət Bayrağı günü qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

2007-ci ildən Müstəqillik günü (18 oktyabr) və Konstitusiya günü (12 noyabr) isə bayram kimi qalsa da, iş günü elan edilib.