“2020-ci ildə Azərbaycanda yoxsul qalmayacaq” - Əli Həsənov

“2020-ci ildə Azərbaycanda yoxsul qalmayacaq” - Əli Həsənov

26-12-2017 17:28 / Bu xəbər 2095 dəfə oxundu

"Prezident tapşırıq verdi ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlət proqramı hazırlansın. Hökumət bunu hazırladı və prezidentin rəhbərliyi altında qeyri-neft sektorunun inkişafı başladı”.

APA-nın xəbərinə görə, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov deyib. 

O vurğulayıb ki, neftin qiyməti düşsə də, Azərbaycan öz iqtisadi stabilliyini itirməyib: "Çünki qeyri-neft sektoru tədricən inkişaf etdi. Bu gün ümumi daxili məhsulun 60 faizdən çoxu qeyri-neft sektorunun payına düşür. Neftin qiyməti 3-4 dəfə düşdü, əgər prezident o zaman bunu etməsəydi, görün, biz nə vəziyyətə düşəcəkdik? İnşallah, iki ildən sonra, 2020-ci ildə neftdən asılılıq sıfır vəziyyətində olacaq. Artıq o yerə gəlib çatırıq”.

Baş nazirin müavini deyib ki, prezident İ.Əliyev hakimiyyətdə olduğu 14 ildə Azərbaycanın inkişafını təmin edib: "2020-ci ilə qədər Azərbaycan inkişaf etmiş ölkələr sırasında olacaq. Prezidentin fəaliyyətində digər strateji istiqamət yoxsulluğun aradan qaldırılması ilə bağlıdır. Bu gün yoxsulluq həddi 5 faizdirsə, strateji istiqamət 2020-ci ildə yoxsulluğun sıfıra enməsidir. İnşallah, 2020-ci ildə yoxsulluq sıfıra enəcək, Azərbaycanda bir yoxsul belə qalmayacaq. Bu strateji istiqamətdə işlər uğurla icra olunur”.

Ancaq müstəqil ekspertlər ölkədə yoxsulluğun 5 faiz olması ilə bağlı rəsmi statistik məlumata şübhə ilə yanaşırlar. Onlar deyirlər ki, ölkədə yoxsulların sayı deyilən rəqəmdən dəfələrlə çoxdur.