D18 Hərəkatı bəyanat yaydı

D18 Hərəkatı bəyanat yaydı

11-04-2019 13:58 / Bu xəbər 1226 dəfə oxundu

D18 Hərəkatı Azərbaycanla Avropa Birliyi arasında imzalanması gözlənilən sazişlə bağlı bəyanat yayıb.

Bəyanayda deyilir: "Biz, D18 Hərəkatı olaraq, Avropa Parlamentinin tövsiyələrində Azərbaycanla Strateji Əməkdaşlıq Sazişinin imzalanma şərtlərinin tam yerinə yetirilməsinin vacibliyini qeyd edirik. Çünki ölkə rəhbərliyi islahatların başlanması barədə danışsa da, Azərbaycanda siyasi azadlıqlar, insan hüquqları, korrupsiya və s. sahələrdə ciddi problemlər var. Ona görə də hakimiyyət öncə siyasi iradəsini ortaya qoyub real islahatlara getməli, eyni zamanda beynəlxalq təşkilatlar, xüsusən də Avropa Birliyi bunu öhdəlik kimi hakimiyyətin üzərinə qoymalıdır".

Hərəkat hesab edir ki, Azərbaycan hökuməti Avropa Birliyi ilə Əməkdaşlıq və Tərəfdaşlıq Sazişi bağlanması üçün müəyyən şərtlərə əməl etməli, ölkənin demokratikləşməsi istiqamətində aşağıdakı addımları atmalıdır:

- Məhkəmə sistemi icra hakimiyyətindən asılı olmamalı;
- Butun siyasi məhbuslar qeyd-şərtsiz olaraq azad olunmalı;
- İqtisadiyyatda monopoliya ləğv olunmalı;
- Sərbəst toplaşmaq azadlığı tam şəkildə təmin olunmalı;
- Milli qanunvericilik Azərbaycanın ratifikasiya etdiyi beynəlxalq hüquq normalarına uyğunlaşmalı;
- Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana qarşı qəbul etdiyi qərarlar tam həcmdə icra olunmalı;
- Azad və ədalətli seçkilərin keçirilməsi təmin olunmalı;
- Saxlanılan şəxslərin hüquq-mühafizə orqanlarında işgəncələrə məruz qalması kimi pis təcrübə kökündən ləğv edilməli;
- Məhkəmələrdə cinayət işlərinə baxılarkən təqsirləndirilən şəxslərin təqsirsizlik prezumpsiyası pozulmamalı;
- Penitensiar xidmətin saxlanma yerləri beynəlxalq standartlara və hüquqi normalara uyğun olmalı və s."

"D18 Hərəkatı hesab edir ki, yalnız yuxarıda qeyd etdiyimiz şərtləri yerinə yetirildiyi təqdirdə Avropa İttifaqı ilə yeni sazişin qüvvəyə minməsinə Avropa Parlamenti razılıq verməlidir", - bəyanatda deyilir.