Milli Şuranın mitinqinə icazə verildi

Milli Şuranın mitinqinə icazə verildi

15-01-2019 15:31 / Bu xəbər 1325 dəfə oxundu

Milli Şuranın mitinq müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) rəsmi qaydada münasibət bildirib. 

Cavab məktubunda yanvarın 19-na təyin edilən aksiyaya etiraz olunmadığı qeyd edilir.

Bunu Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəhbərliyindən deyiblər.

AXCP-dən bildirildiyinə görə, cavab məktubunda təşkilatçılardan da xahiş olunub ki, «Sərbəst toplaşma azadlığı haqqında» Qanuna uyğun olaraq milli, irqi və dini ədavətin təbliğinə, təhqiredici ifadələrin işlənməsinə yol verilməməsinə nəzarət etsinlər.

Milli Şura yanvarın 11-də mitinq qərarı vermişdi.

"Tələblərimiz Mehman Hüseynov və digər siyasi məhbusların azad edilməsi, büdcədən talanıb natəmiz yollarla ofşor hesablara daşınmış pullarının xalqa qaytarılmasıdır", - deyə həmin vaxt qurumun sədri Cəmil Həsənli AzadlıqRadiosuna bildirmişdi.

Milli Şura ötən il Bakıda "Siyasi məhbuslara azadlıq", "Korrupsiyaya yox!" şüarı ilə aksiyalar keçirib. Ancaq rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər. Üstəlik rəsmilərin fikrincə, ölkədə korrupsiya ilə mübarizə aparılır və bundan ötrü prezidentin iradəsi var.

Milli Şura kimi müxalifətdə olan Müsavat Partiyası da yanvarın 12-də "Mehman Hüseynov və başqa siyasi məhbuslara azadlıq» şüarı ilə mitinq keçirmək istəyirdi. Amma şəhər rəhbərliyi buna müsbət cavab verməmişdi.

Lakin blogerin müdafiəsi ilə bağlı son həftələr Bakıda və bəzi bölgədə bir neçə razılaşdırılmamış piketlər keçirilib. Həmin aksiyalarda saxlananların bəziləri məhkəmə önünə çıxarılıb. Kütləvi aksiyaların keçirilməsi qaydasını pozmaqda günahlandırılan bu şəxslərdən 7-si 20-25 gün arası inzibati qaydada həbs edilib, bəzilərinə də pul cəriməsi kəsilib.

Bundan başqa, Müsavat Partiyasının qərargahında bəzi fəallar, jurnalist və partiya funksionerləri "Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə növbəli aclıq aksiyasına başladıqlarını açıqlayıblar. 

Üstəlik, cəzaçəkmə müəssisələrində siyasi məhbus sayılan bəzi fəalların da M.Hüseynovun müdafiəsi ilə bağlı aclığa başladıqları açıqlanıb. Hərçənd, Penitensiar Xidmətin rəsmiləri bunu təsdiqləməyiblər. Qurumdan deyildiyinə görə, hazırda onların müəssisələrində heç bir şəxs aclıq aksiyası keçirmir.

Bloger Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloger həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, M.Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.

Azadlıq Radiosu