İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı

24-11-2018 15:16 / Bu xəbər 1812 dəfə oxundu

Prezident İlham Əliyev noyabrın 23-də "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nı təsdiq edib.

Sərəncamda Strategiyanın həyata keçirilməsi və icrasının monitorinqi üzrə əlaqələndirici orqan kimi Dövlət İmtahan Mərkəzinin (DİM) müəyyən edildiyi bildirilir. DİM sənədin icrası üzrə fəaliyyət planlarında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə ildə bir dəfə prezidentə hesabat verməlidir.

Nazirlər Kabineti isə Strategiyanın 2022−2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini hazırlayaraq 2021-ci il iyulun 1-dək prezidentə təqdim etməli, sənəddən irəli gələn başqa məsələləri həll etməidir.

Strategiyaya görə, dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi, etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması əsas məqsədlərdəndir.

Sənəddə vurğulanır ki, Strategiya dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluqçularının rotasiyası və başqa əlaqəli sahələrdə əsaslı islahatlar aparılmasını nəzərdə tutur.

Sənəddə yazılıb ki, Strategiyanın icrası ilə bağlı tədbirlər Azərbaycan dövlət büdcəsindən və qanuna zidd olmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.

AZƏRTAC