160 saylı avtobus yenə qəza törətdi

160 saylı avtobus yenə qəza törətdi

06-10-2018 18:15 / Bu xəbər 297 dəfə oxundu

Hadisə nəticəsində 3 nəfərin yaralandığı bildirilir

Oktyabrın 6-da Bakıda 160 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusu minik avtomobili ilə toqquşub. Hadisə aeroport yolunda qeydə alınıb.

"Report”-un məlumatına görə, qəza nəticəsində minik avtomobilini idarə edən, 1976-cı il təvəllüdlü Mənsurə Məmmədova və onun 6 yaşlı övladı Rəşad Məmmədov xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, hadisə barədə məlumat daxil olan kimi əraziyə 3 təcili-tibbi yardım briqadası göndərilib: "Yaralılar xəsarətləri yüngül olduğu üçün təcili-tibbi yardım avtomobili ilə xəstəxanaya getməkdən imtina ediblər. Onlar özləri xəstəxanaya gediblər. Avtobus qəzası nəticəsində xəsarət alan hər 3 şəxsin vəziyyəti normaldır".

Bu, son bir həftədə Binə qəsəbəsinə gedən 160 saylı xətt avtobusunun törətdiyi ikinci yol qəzasıdır. Oktyabrın 1-də həmin xətt üzrə hərəkət edən marşrut avtobusunun qatarla toqquşması nəticəsində 2 nəfər ölüb, 40 nəfər xəsarət alıb.